Qurban Qurbanov
Qurban Osman oğlu Qurbanov (13 aprel 1972, Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur.Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.
1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə iki dəfə Azərbaycan Kubokunun qalibi olub, iki dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb.